Doha Beynəlxalq Kitab Sərgisinin müdiri AZƏRTAC-ın stendini ziyarət edib
Bakı, 4 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Doha Beynəlxalq Kitab Sərgisinin müdiri Jassim Əhməd Əl-Buainain AZƏRTAC-ın stendini ziyarət edib.
O, sərgi üçün xüsusi olaraq hazırlanan, ərəb dilindən Azərbaycan dilinə tərcümə olunan Qətər mədəniyyətini əks etdirən dəyərli kitabları AZƏRTAC-a hədiyyə edib.
“Azərbaycandakı kitab sərgisinə dəvət olunmaqdan çox məmnunam. Biz burada Qətər dövlətini təmsil etməkdən çox məmnunuq.
Azərbaycan ilə Qətər arasındakı münasibətlər daim inkişaf edir. Burada biz mədəniyyətlərarası dialoqa da xidmət etmiş oluruq. Aprel ayında biz Bakıda Qətər həftəsi keçirdik. Bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin inkişafını dəstəkləyir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının Qətər mədəniyyətinə böyük marağı var. Mütəmadi olaraq ərəbdilli kitabları Azərbaycan dilinə və Azərbaycan kitablarını ərəb dilinə tərcümə edirik”, - deyə Jassim Əhməd Əl-Buainain bildirib.