DOQQUZ AYIN YEKUNLARI İLƏ BAĞLI KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən 9 ay ərzində RİTN-in fəaliyyəti barədə məlumat vermiş və demişdir ki, bu müddət ərzində rabitə sektorunda əldə edilən gəlirlərin artım sürəti 32,8 faiz olmuş, ümumilikdə, rabitə sektoru üzrə 518,8 milyard manat investisiya qoyuluşu həyata keçirilmişdir. O bildirmişdir ki, hazırda respublika telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 59,1 faizdir. Əhalinin hər yüz nəfərinə 13, 5 ədəd telefon aparatı, hər min nəfərinə isə 226,0 ədəd mobil telefon düşür.
Ə.Abbasov bildirmişdir ki, 9 ay ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz, çıxış trafikinin həcmi isə 27 faiz artmışdır. Yeni texnologiyaların tətbiqi həyata keçirilmiş, BTRİB şəbəkəsində uzun müddət istismarda olmuş ATS-lər müasir NGN texnologiyaları əsasında yenidən qurulmuş və CDMA avadanlığı quraşdırıb istifadəyə verilmişdir.
Nazir qeyd etmişdir ki, respublika ərazisində televiziya və radio yayımının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, Gəncə televiziya və radio ötürücü stansiyası, Ağsu rayonunun yeni müasir tipli güclü radio-televiziya stansiyası tikilib istifadəyə verilmişdir.
Hesabat dövrü ərzində beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verən nazir, XI “BakuTel” sərgisinin keçirildiyini, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunisdə keçiriləcək ikinci mərhələsinin hazırlıq işlərinin yekunlaşdırıldığını söyləmişdir. Qeyd etmişdir ki, bu müddətdə qanunvericilik bazasının inkişafı təmin edilmış, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Kollegiyada Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev “2005-ci ilin 9 ayının yekunları haqqında” hesabat məruzəsi ilə çıxış etmişdir.
İclasda “Aztelekom” İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, “Azərpoçt” Dövlət Müəssisəsi və Televiziya və Radio İstehsalat Birliyinin rəhbərləri ötən 9 ay ərzində görülən işlər barədə məlumat vermişlər.