ELM VƏ TƏHSİL
Dörd peşə təhsil mərkəzi publik hüquqi şəxs statusunu əldə edib
Bakı, 9 iyul, AZƏRTAC
2020-ci ilin birinci yarımili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələrinin birləşməsi nəticəsində onların bazasında yaradılan daha 4 peşə təhsil mərkəzi publik hüquqi şəxs statusu əldə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, növbəti mərhələdə daha 20 Peşə Təhsil Mərkəzinin publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulur.
Publik hüquqi şəxs statusu əldə edən mərkəzlər ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nizamnamələrində nəzərdə tutulan qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq imkanına malik olacaqlar. Eyni zamanda dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edəcəklər, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından yararlanacaqlar. Həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlar.
Xatırladaq ki, Turizm və Sosial Xidmətlər üzrə, Texnika və Texnologiyalar üzrə, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzləri və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzi 2020-ci ilin birinci yarımilində publik hüquqi şəxs statusu əldə ediblər.