DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb
Bakı, 18 mart, AZƏRTAC
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi “Lloyd’s Register” sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, agentlik ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 10002:2018 Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin İdarəedilməsi, ISO 26000 Sosial məsuliyyət və ISO 37001:2016 Rüşvət əleyhinə İdarəetmə sistemi üzrə bütün mərhələləri uğurla keçib.
Bununla əlaqədar keçirilən mətbuat konfransında əvvəlcə agentliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, ISO standartlarının tətbiqi DOST Agentliyi və DOST mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək. DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edən F.Məmmədov agentlikdə indiyədək görülən işlər və gələcək layihələr barədə məlumat verib.
Mətbuat konfransında Böyük Britaniyanın LRQA (Lloyd's Register) təşkilatının regional meneceri, Türkiyə və Şərqi Avropa təmsilçisi Burak Can bildirib ki, 4 istiqamət üzrə aparılan audit zamanı agentliyin fəaliyyətində hər hansı bir uyğunsuzluq aşkarlanmayıb və buna görə də agentlik beynəlxalq sertifikatlara layiq görülüb. Onu da qeyd etməyə dəyər ki, 260 illik tarixi olan “Lloyd’s Register” 120-dən çox ölkədə fəaliyyət göstərən, dünyanın 30-dan çox akkreditasiya qurumu tərəfindən tanınan və demək olar ki, hər bir sektoru əhatə edən sertifikatlaşdırma təşkilatıdır.
Beynəlxalq İdarəetmə standartları sahəsində məsləhət xidməti olan “Bureau De Qualite” MMC-nin direktoru Asif İbrahimov fəaliyyət sahəsindən asılı olmayaraq bütün müəssisə və təşkilatlarda ISO standartlarının tətbiqinin xidmət keyfiyyətinin yüksəldilməsi üçün vacib olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, proseslərə hazırlıq və standartların tətbiq edilməsinə agentliyin bütün işçi heyəti cəlb edilib. Bununla əlaqədar 49 nəfərdən ibarət işçi qrup yaradılıb və standartlar agentlikdə İnteqrəedilmiş Menecment Sistemi (İMS) olaraq tətbiq edilməyə başlanıb. İMS-in tətbiqi zamanı ilkin olaraq agentliyin mövcud vəziyyəti qiymətləndirilib, güclü və zəif tərəfləri təhlil edilib. Daha sonra agentliyin bütün prosesləri İMS-in tələblərinə uyğunlaşdırılıb.
Beynəlxalq standartların tətbiqi başa çatdıqdan sonra həmin standartlara uyğunluğun qiymətləndirilməsi “Lloyd's Register” tərəfindən həyata keçirilib.
Tədbirin sonunda “Lloyd’s Register” təşkilatının nümayəndəsi Burak Can DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədova 4 istiqamət üzrə ISO beynəlxalq sertifikatlarını təqdim edib. DOST Agentliyinə verilən sertifikatlar dünyanın ən tanınmış UKAS akkreditasiyasının möhürü ilə təsdiq olunub.