Dövlət Bayrağı Günü münasibətilə vətənpərvər ruhda videoçarxlar hazırlanıb
İsmayıllı, 9 noyabr, AZƏRTAC
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə vətənpərvər ruhda videoçarxlar hazırlayıb.
Regional mədəniyyət idarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, milli suverenliyimizin simvolu olan bayrağımızın 30 il işğal altında olan Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, neçə-neçə qəsəbə və kəndlərimizdə, noyabrın 8-dən isə qədim Şuşa şəhərində dalğalanması bizi çox sevindirir və qürurlandırır. Biz inanırıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi torpaqlarımız tam geri alınacaq və üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalanacaq.
Mətbuat katibi vurğulayıb ki, idarənin tabeliyində olan İsmayıllı rayon mərkəzi kitabxanası və kənd filialları, Qobustan, Şamaxı, Ağsu MKS-nin Uşaq şöbələrinin hazırladıqları videoçarxlarda bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzi olduğu vurğulanıb.
İsmayıllı rayon Tarix Diyarşünaslıq muzeyinin və Şamaxı Dövlət Rəsm Qalereyasının hazırladıqları videoçarxlarda işğaldan azad olunan əzəli torpaqlarımız haqqında məlumatlar yer alıb. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin hazırladığı videoçarxda mərkəzin əməkdaşları “Ey Vətən” mahnısını ifa ediblər.
Regional idarənin tabeliyində fəaliyyət göstərən digər müəssisələr də Bayraq Günü, eləcə də qədim və əzəli torpaqlarımızın düşmən tapdağından azad olunması münasibəti ilə videoçarxlar hazırlamaqda davam edir.