DÖVLƏT BAYRAĞIMIZ 10 GÜN ƏRZİNDƏ NYU-YORK SƏMASINDA DALĞALANACAQ
Belə əlamətdar hadisə ilə bağlı Boulinq Qrin parkında təşkil edilən tədbirə ABŞ-da yaşayan həmvətənlərimiz, türk və yəhudi icmalarının təmsilçiləri, ölkəmizin BMT-dəki daimi nümayəndəliyinin üzvləri, azərbaycanlı uşaqları övladlığa götürən amerikalı ailələr toplaşmışdılar.
Nyu-Yorkun meri Maykl Blumberqin mühacir məsələləri üzrə müavini xanım Azadə Xəlili Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 14-cü ildönümü münasibətilə təbriklərini çatdırılmış və oktyabrın 18-nin “Nyu-York şəhərində Azərbaycanın Müstəqillik günü” elan edilməsi barədə meriyanın qərarını açıqlamışdır. Azadə Xəlili demişdir ki, nənəsi Azərbaycanda doğulduğuna görə, bu tədbir onun üçün xüsusi məna daşıyır.
Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, AAC-nin prezidenti Tomris Azəri, Türk Assosiasiyaları Federasiyası prezidentinin müşaviri İbrahim Kurtuluş, “Boulinq Qrin” Assosiasiyasının sədri Artır Pikkolo çıxış etmişlər. Onlar vurğulamışlar ki, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq gündən-günə möhkəmlənməkdədir. Amerika azərbaycanlıları Katrina qasırğasından zərər çəkənlərə dövlətmizin 500 min ABŞ dolları yardım ayırmasından qürur duyurlar. 14 il ərzində Azərbaycan surətlə inkişaf edərək, müasir dünyada layiqli yerini tutmuşdur.
Sonra Azərbaycan Respublikasının dövlət himni sədaları altında milli bayrağımız qaldırılmışdır.