Dövlət Komissiyası ötən 9 ayda həyata keçirdiyi ictimai maarifləndirmə işlərini açıqlayıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun media subyektlərində işıqlandırılması davam etdirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, qurumun daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik beyində silinməz izlər buraxır”, “Narkotik sərhədsiz fəlakətdir” adlı videoçarxların, “802 - Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolikin televiziya kanalları vasitəsilə cari ilin yanvar-sentyabr aylarında ümumilikdə 23 min 843 dəfə yayımlanması, həmçinin ekspertlərin iştirakı ilə 133 xüsusi verilişin və narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərin hazırlanması təmin olunub.
Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə, ölkə üzrə fəaliyyət göstərən çap və onlayn media subyektlərində cari ilin 9 ayı ərzində ümumilikdə 3 min 300-ə yaxın informativ və maarifləndirici material dərc edilib.