Dövlət Komitəsi dini icma üzvləri arasında müsabiqə elan edir
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda dini icma üzvləri arasında yazı müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Müsabiqəyə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətləri sahəsində yürüdülən siyasətdən, xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə dövlət səviyyəsində göstərilən qayğıdan, o cümlədən tolerant və multikultural dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edən məqalələr göndərilə bilər. Eyni zamanda, yazılarda Ulu Öndərin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən əhəmiyyətli komponentlərindən olan dini abidələrimizin təmiri, bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə atılan zəruri addımlar, dini radikalizm və ekstremizmin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlər öz əksini tapa bilər.
1.Müsabiqənin şərtləri:
- Yazı mövzuya uyğun olmalıdır;
- Yazının həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazı qəzetdə dərc olunarsa: A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;
- Yazı elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir.
2. Mükafat
I yer - 500 AZN
II yer - 400 AZN
III yer - 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat
3. Müsabiqənin müddəti: Yazılar 2021-ci il 20 aprelədək təqdim edilməlidir.
Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 16
Əlaqə telefonları: (012) 437-31-15 / (012) 505-78-19
E-mail: [email protected].