“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda növbəti təlim
Bakı, 26 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər. İştirakçılar müsahibə üçün xarakterik xüsusiyyətlər, müsahibənin məqsədi, strukturu, keçirilmə qaydaları, ona hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, qiymətləndirilmə meyarları haqqında ətraflı məlumatlandırılıb. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib. Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə təlimatların və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.