DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN VƏ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN MÜVAFİQ QURUMLARI DƏNİZDƏ MONİTORİNQ KEÇİRMİŞLƏR
Keçirilən tədbirlər arasında qanun pozuntularının qarşısının alınmasına yönəldilmiş tədbirlər xüsusi yer tutur. Bu məqsədlə Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyi ilə birlikdə iyul ayının 8-dən 16-dək Xəzər dənizinin Azərbaycana mənsub olan ərazisində monitorinq keçirmişdir. Xəzərdə ekoloji durumun, bioresursların qorunması üçün və üzmə vasitələrinin sərhədboyu rejimə riayət etməsini yoxlamaq məqsədi ilə keçirilən reydə 15 üzmə vasitəsi və sahil mühafizəsinin şəxsi heyəti cəlb edilmişdir.
Monitorinq zamanı müxtəlif tipli 14 gəmi saxlanılaraq yoxlanılmışdır. Onlardan 10 balıqçı gəmisində nöqsan və çatışmazlıqlar aşkar edilmiş və sənədləşdirilmişdir. Belə ki, 2 halda gəmilərdə gəmi kapitanları olmamış, bir halda gəmidə sənədlərdə qeyd olunmayan 5 nəfər şəxs aşkar edilmiş, 7 halda gəmilərdə maşın, radioqramma jurnalları və balıq ovlama biletləri olmamışdır. Bunlardan əlavə mühərrikli 4 qayığa baxış keçirilərkən aydın olmuşdur ki, həmin qayıqların bort nömrəsi və xilasetmə vasitələri yoxdur.
Sahil mühafizəsinin və müfəttişliyin əməkdaşları dənizdə 4000 metrə yaxın balıqovlama torları, 1500 mert qarmaqlı balıq ovlama vasitələri və 25 ədəd lövbər aşkar edərək götürmüşlər.
Eyni zamanda dənizdə istifadəsiz tikilidə 1 ədəd qabda 987 qram insan orqanizmi üçün çox təhlükəli olan civə aşkar edilmişdir.
Bütün bu faktlarla bağlı araşdırmalar aparılır, dənizdə müvafiq tədbirlər davam etdirilir.