Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, bolqar, isveç, niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, çin, hind və digər dillər üzrə keçirdiyi Seçim Turlarına qeydiyyatı davam etdirir.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün sənədləri (Şəxsiyyət vəsiqəsinin surəti; CV) bu ilin noyabrın 30-dək Mərkəzin [email protected] ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küç., 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir.
Turlarda iştirak ödənişlidir.