DÖVLƏTİMİZ 20 YANVAR ƏLİLLƏRİNƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ DAİM QAYĞI GÖSTƏRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev tədbiri açaraq, qanlı 20 Yanvar hadisələrini müstəqillik uğrunda mübarizəyə qalxmış xalqımıza qarşı qəsd kimi qiymətləndirdi. O bildirdi ki, tarixin qara səhifələrindən olan 20 Yanvar hadisələri zamanı sovet ordusunun, xüsusi təyinatlı dəstələrin, daxili qoşun birləşmələrinin görünməmiş qəddarlığı Azərbaycan xalqının azadlıq və müstəqillik eşqini söndürə, iradəsini, mübarizə əzmini qıra bilmədi.
Nazir qeyd etdi ki, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı hadisələr zamanı əlil olmuş soydaşlarımız ümummilli liderimiz Prezident Heydər Əliyevin humanist siyasəti nəticəsində dövlət qayğısı ilə daim əhatə olunmuşlar və bu qayğını bu gün də hiss edirlər. Belə ki, 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinət 2003-cü il yanvarın 15-də Prezident Heydər Əliyevin Sərəncamı ilə 5 dəfə artırılmaqla 100 min manat məbləğində müəyyən edilmişdir.
Dövlətimizin sosial müdafiə sistemində əldə etdiyi uğurlardan danışan nazir, MDB məkanında yalnız Rusiya, Qazaxıstan və Azərbaycanın bu cür yüksək nailiyyətlərə malik olduğunu bildirmişdir.
Əli Nağıyev sosial müdafiə sahəsində dövlətin həyata keçirdiyi siyasətin icrası ilə əlaqədar nazirlik tərəfindən görülən işlər barədə məlumat verdi və bu qəbildən olan insanların problemlərinin gələcəkdə də həll ediləcəyini vurğuladı.
Mərasimdə çıxış edən 20 Yanvar Cəmiyyətinin sədri Sahib Əlizadə əlillərə və şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlığını bildirdi. O, nazirliyin sosial siyasət sahəsində gördüyü işləri qeyd edərək, bundan sonra da əlillərə və şəhid ailələrinə göstərilən münasibətin yüksək səviyyədə olacağına inandığını bildirdi.
Mərasimin sonunda 470 nəfər 20 Yanvar əlilləri və şəhid ailələri üzvlərinin hər birinə 100 min manat məbləğində maddi yardım verildi.