DSX: 40 kiloqram narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 7-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostahir kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində iki ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kiloqram 490 qram marixuana və 295 qram qablaşdırmada 500 ədəd “Metadon M-40” psixotrop həbləri) aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.