Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində COP29-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilir
Bakı, 12 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra görüşlər keçirir.
AZƏRTAC COP29-in rəsmi "X" hesabına istinadən bildirir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və texnologiya naziri, bu ölkənin Milli Neft Şirkətinin rəhbəri Sultan Əl-Cabirlə görüşüb. Görüşdə tərəflər COP29-la bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Muxtar Babayev sammit çərçivəsində Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva ilə də görüşüb. Görüşdə COP29-la bağlı müzakirələr aparılıb. Bu görüş barədə Kristalina Georgieva “X” hesabında paylaşım edib.
Dünya Hökumətləri Sammitində iştirak edən COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai isə COP28 üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Razan Al Mubarakla görüşüb. “COP28 təcrübəsi ətrafında müzakirə apardıq, birgə əməkdaşlıq haqda danışdıq”, - deyə N.Arpadarai feysbuk səhifəsində yazıb.