DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası idarə heyətinin üzvü Qulam Rza Təbrizi, Prezidentin İcra Aparatının sektor müdiri Qafar Əliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova və başqaları ümummilli liderimiz Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin yaranmasındakı misilsiz xidmətlərini vurğulamışlar. Qeyd edilmişdir ki, Heydər Əliyevin Azərbaycan xalqı, o cümlədən dünya azərbaycanlıları qarşısında ən böyük xidmətlərindən biri də soydaşlarımızın həmrəyliyinə nail olmasıdır.
2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsinin də ulu öndərin adı ilə bağlı olduğunu, dahi rəhbərin xarici ölkələrə səfərlərində orada yaşayan azərbaycanlılarla görüşdüyünü, onları təşkilatlanmağa çağırdığını nəzərə çarpdıran natiqlər bildirmişlər ki, bu ənənəni Heydər Əliyev siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev də uğurla davam etdirir.
Tədbirdə dahi dövlət xadimi Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayındakı nitqini əks etdirən miniatür kitabın təqdimatı oldu.
Dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımızın iştirak etdiyi bayram tədbirində “Azərbaycan dünyası” jurnalının “Vətən övladı” medallarının nominantlar üzrə təltifetmə mərasimi keçirildi. İlk dəfə təqdim edilən “Vətən övladı” medalına layiq görülənlər arasında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev də var idi.
Sonda incəsənət ustalarının ifasında bayram konserti oldu.