“DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI” MİNİATÜR KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyevin II qurultayda söylədiyi dərin məzmunlu nitqinin Azərbaycan və rus dillərində mətninin çap olunduğu kitabı oxuyarkən bu il martın 16-da keçirilən forumun tarixi əhəmiyyətini bir daha dərindən dərk edirsən. Prezident İlham Əliyevin nitqində deyilir ki, məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə beş il bundan əvvəl keçirilən Dünya Azərbaycanlılarının I qurultayı Azərbaycanın müasir tarixində müstəsna rol oynamışdır. I qurultayda aparılmış müzakirələr, fikir mübadilələri, qəbul edilmiş qərarlar dünya azərbaycanlılarını daha sıx birləşdirmişdir.
Dünyada yaşayan soydaşlarımızın təşkilatlandığını, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da fəal rol oynadıqlarını fəxrlə qeyd edən dövtəmizin başçısı İlham Əliyev demişdir ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu artırır. Xaricdə yaşayan azərbaycanlılar bizim üçün də dayaqdır. Çünki Azərbaycan gənc, müstəqil dövlətdir. Biz yalnız 15 ildir müstəqillik şəraitində yaşayırıq və təəssüflər olsun ki, bu günədək bir çox ölkələrdə Azərbaycan haqqında kifayət qədər dolğun məlumat yoxdur. Bu məlumatı, Azərbaycan həqiqətlərini, Azərbaycan problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq, əlbəttə ki, bizim ümumi işimizə çox böyük töhfə olacaqdır.
Xarici ölkələrdə yaşayan soydaşlarımızı Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında daha fəal olmağa çağıran Prezident İlham Əliyev nitqinin sonunda demişdir: “Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var – Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.
Forzasında Azərbaycanın tarixi abidələrinin xəritəsi verilmiş 280 səhifəlik kitabın formatı 38x53 millimetrdir. Kitabda 12 rəngli şəkil yerləşdirilmişdir.