“Dünya Azərbaycanlılarının soyqırımı” mövzusundakı tədbirdə mübarizəyə çağırış ruhunda şeirlər səsləndirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) 31 mart azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Dünya Azərbaycanlılarının soyqırımı” adlı tədbir keçirilmişdir.
Universitetin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ADU-nun tədris işləri üzrə prorektoru Natiq Yusifov 31 mart soyqırımının Azərbaycan xalqının qan yaddaşına həkk olduğunu bildirmişdir. Erməni şovinistlərinin əsrlər boyu xalqımıza qarşı apardığı düşmənçilik siyasətindən danışan prorektor 93 il bundan əvvəl erməni qəsbkarları və onlara dəstək verən bolşeviklər tərəfindən törədilən soyqırımı faktını dünyada analoqu olmayan faciə adlandırmışdır.
1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanın əhəmiyyətini yüksək qiymətləndirən natiq bu sənədin erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarda 50 min soydaşımız qətlə yetirilmişdir. Qubada aşkarlanan kütləvi məzarlıq erməni daşnaklarının xalqımıza qarşı törətdikləri soyqırımı faktına əyani sübutlardan biridir.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov XX əsrin əvvəllərində Qafqaz regionunda baş verən siyasi proseslərdən bəhs etmişdir. Erməni millətçilərinin Azərbaycan xalqının başına gətirilən soyqırımı faktından, vandalizm hərəkətlərindən və vəhşiliklərindən danışan alim tarix boyu aparılan müharibələrdə belə qəddarlığa rast gəlinmədiyini demişdir.
Tədbirdə qəmli notlara köklənmiş mahnılar ifa olunmuş, gənclərimizi mübarizəyə çağıran şeirlər səsləndirilmiş, ADU-nun, eləcə də Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında tamaşa-kompozisiya da nümayiş olunmuşdur.