Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir
Bakı, 21 dekabr, AZƏRTAC
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, bu barədə qurumun icraçı direktoru Vüsal Qasımlı ADA Universitetində "Azərbaycanda iqtisadi islahatlar: Nəticələr və perspektivlər" mövzusunda oxuduğu ictimai mühazirəsində deyib.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni iqtisadi model barədə danışan Vüsal Qasımlı Malayziya, Koreya Respublikası, İsrail və başqa iqtisadi modellərlə müqayisələr aparıb: "Azərbaycanda islahatlar iqtisadiyyatın strukturunda qeyri-ticari bölməyə nisbətən ticari bölmənin daha sürətli inkişafına keçid və yeni inkişaf tsiklinin başlamasına yön verir. Beləliklə, qısamüddətli dönəmdə resurslar, o cümlədən, əmək resursları iqtisadi inkişaf çağırışlarına cavab verən səviyyədə mobilizasiya olunmalı və istifadə edilməlidir. İslahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Yeni iqtisadi modelin əsas çağırışı məhsuldarlığın artırılmasında insan kapitalının rolu mühümdür. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda, Dünya İqtisadi Forumu və Dünya Bankı tərəfindən təqdim olunan mötəbər hesabatlarda da iqtisadi islahatların nəticəsində Azərbaycanın mövqeyi xeyli yaxşılaşıb".
Vüsal Qasımlı mühazirədən sonra ADA Universitetində tədrisi həyata keçirən xarici və yerli professorların, diplomatların, biznes nümayəndələrinin və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.