DÜNYA BANKI YAXIN ÜÇ İLDƏ AZƏRBAYCANA 60 MİLYON DOLLAR KREDİT AYIRACAQ
“Həyat Recensi-Naxçıvan” mehmanxanasında Dünya Bankının və İqtisadi İnkişaf Nazirliyinin təşkil etdikləri “Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun kompleks inkişafının strategiyası” mövzusunda konfrans keçirilmişdir. Tədbirin yekunlarına həsr olunmuş mətbuat konfransında Dünya Bankının nümayəndəsi Kristian Piterson bildirmişdir ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun yaxın üç ilə nəzərdə tutulmuş inkişaf strategiyası təsdiq olunmuşdur. Dünya Bankı Azərbaycan hökumətinin son illər əldə etdiyi müsbət makroiqtisadi göstəriciləri qoruyub saxlamağa çalışır. İqtisadiyyatın inkişafına yardım göstərmək, struktur islahatları aparmaq və yoxsulluğu azaltmaq üçün hər maliyyə ilində ölkəmizə 20 milyon dollar ayırmaq barədə qərar qəbul edilmişdir. Dünya Bankının Direktorlar Şurası həyata keçirilən layihələr üçün respublikamıza kreditlər ayırmaq qərarına gəlmişdir. Bu qərar digər maliyyə strukturlarının da bölgələrdə iqtisadi layihələrin kerçəkləşdirilməsi üçün Azərbaycana kreditlər ayırmasına imkan verəcəkdir. İqtisadi inkişaf naziri Fərhad Əliyev ölkəmizin iqtisadiyyatının inkişafı üçün bu qərarların çox vacib olduğunu vurğulamışdır.