Dünya Bankının missiyası ilə görüşdə “Məşğulluğa dəstək layihəsi”nin icra vəziyyəti müzakirə olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” üzrə missiya Azərbaycanda səfərdədir. Dünya Bankının nümayəndələrindən ibarət missiya ilə nazirlikdə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının ən yaxşı təcrübələr əsasında genişləndirilməsində “Məşğulluğa dəstək layihəsi”nin əhəmiyyətini vurğulayıb.
Həssas qrupların kiçik biznesə çıxışına imkan yaradan həmin layihə üzrə artıq 25 mindən çox şəxsə avadanlıqlar verilməklə, onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatların qurulduğu qeyd edilib.
Dünya Bankının missiyasının rəhbəri Anna Suxova və missiyanın üzvləri layihənin icrası ilə bağlı fikirlərini bölüşüblər. Layihənin icrası üzrə ölkəmizin uğurlu təcrübəsindən bəhs olunub. Beynəlxalq səviyyədə maraqla qarşılanan həmin təcrübənin digər ölkələrdə də nümunəvi təcrübə kimi təqdim olunması məsələləri müzakirə olunub.
Görüşdə “Məşğulluğa dəstək layihəsi”nin icrası işləri, bu sahədə növbəti mərhələlər üzrə prioritetlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.