Dünya çempionatı: 10 metr məsafədə hərəkətli hədəfə atəşaçmada Ukrayna və Qazaxıstan atıcıları fərqləniblər
Bakı, 27 avqust, AZƏRTAC
Atıcılıq üzrə 53-cü dünya çempionatında bu günün ikinci yarısında keçirilən yarışlar Ukrayna və Qazaxıstan komandaları üçün uğurlu olub.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilər və qadınlar arasında 10 metr məsafəyə hərəkətli hədəfə atəşaçma növündə yarışlar keçirilib.
Kişilərin yarışında qızıl medal uğrunda həlledici yarışda Ukrayna atleti İqor Kizima Almaniyadan olan həmkarı Kris Qrossheymi 6:3 hesabı ilə məğlub edib. Nəticədə İqor qızıl, Kris gümüş medala yiyələnib. Bürünc medal uğrunda mübarizədə Koreya atleti Yin You Jeonq Çexiya idmançısı Berdix Conası 6:2 hesabı ilə udaraq üçüncülüyü əldə edib.
Bu növdə kişilərin komanda yarışına gəlincə, Ukrayna birinci, İsveç ikinci, Finlandiya üçüncü olub.
Qadınların yarışını izləyənlər isə maraqlı səhnəyə tamaşa ediblər. Qızıl medal uğrunda Qazaxıstandan olan atıcılar, “bürünc” uğrunda Ukraynanı təmsil edən atletlər yarışıblar.
Zuxra İrnazarova həmyerlisi Aleksandra Saduakassovanı 6:3 hesabı ilə udaraq “qızıl”ı bayram edib. Ukraynalıların duelində Qalina Avramenko Viktoriya Ribovalovanı çətinliklə məğlub edərək (7:5) “bürünc”ü aktivinə yazıb.
Mükafatlandırma mərasimindən sonra ukraynalı İqor Kizima açıqlama verib: “Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir. Ötən il Fransada gümüş medal qazanmışdım. Amma bu il eyni nəticə ilə Bakıda “qızıl” mənim oldu. Bilirsiniz ki, Ukraynada siyasi vəziyyət necədir. Bu medallar hamımız üçün dəyərlidir. Ona görə də ölkəmiz üçün əlimizdən gələni etməyə çalışırıq”.
Bakıya ikinci dəfə gəldiyini söyləyən 26 yaşlı atlet ölkəmizdə onlara göstərilən münasibətdən razılığını dilə gətirib: “Bakıda olmaqdan məmnunam. İlk dəfə 2017-ci ildə gəlmişdim. Bu, ikinci səfərimdir. Ukraynalılar, avropalılar, ümumiyyətlə, bütün xalqlar üçün burada gözəl şərait yaradılıb. Bakı Atıcılıq Mərkəzindəki şəraiti çox adam görməyib. Onların bir qismi gördüklərimizi, sadəcə, arzu edirlər. Bizə qarşı insanların münasibəti çox gözəldir. Düzdür, Ukraynada da qonaqlara münasibət yaxşı olur. Amma buradakı diqqət daha çox təqdirəlayiqdir”.
Qızıl medalın qadın sahibi Zuxra İrnazarova da qalib olmağından söz açıb: “Burada çıxış etmək xoşuma gəldi. Ümumilikdə Bakı Atıcılıq Mərkəzi haqda yalnız xoş sözlər deyə bilərəm. Bu mərkəzdə məşq etmək və atış çox rahatdır. Möhtəşəm kompleksdir, xüsusən, divardan asılan şəkilləri (Qeyd: Mərkəz ötən beynəlxalq yarışlardan olan fotolarla bəzədilib) çox bəyəndim”.
İrnazarova qızıl medala sahib olsa da, mükafatlandırma mərasimində kifayət qədər ciddi görünməsinin səbəbini bu cür əlaqələndirib: “Öz gülüşümü bəyənmirəm. Ona görə də medal alanda gülümsəməyi artıq hesab etdim”.