DÜNYA ÇEMPİONU İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu yaxınlarda İtaliyanın Perruçi şəhərində idmanın uşu-sando döyüş növü üzrə keçirilən dünya birinciliyində bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olmuş Goranboy rayonunun Balakürd kənd orta məktəbinin 10-cu sinif şagirdi Nahid Əliyev ilə rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə Nahid Əliyev çıxış edərək, yarışlarda qazandığı inamlı qələbəni respublikamızda idmana və gənclərə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov Azərbaycan idmanının şərəfini ləyaqətlə qoruduğuna görə Nahid Əliyevə rayon icra hakimiyyətinin Fəxri fərmanını və qiymətli xatirə hədiyyəsi təqdim etmişdir.