“Dünya səyahət bazarı-2015” beynəlxalq turizm sərgisində Azərbaycan uğurla təmsil olunur VİDEO
London, 4 noyabr, AZƏRTAC
Londonda “Dünya səyahət bazarı-2015” ənənəvi beynəlxalq turizm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan sərgidə uğurla təmsil olunur.
Sərgidə ölkəmizin 15 turizm şirkəti - “Atlas”, “STİ travel”, “SW travel”, “Galaxy”, “Şahdağ” turizm mərkəzi, “Delta Group”, “AL Travel”, “ENC”, “Turizm.az”, “The Tour”, “GEO travel”, “Convention”, “ATA travel”, “Gilan Turizm”, “AZTA”, həmçinin “Absheron Hotel” və “Azərbaycan Hava Yolları” təmsil olunur.
Burada icarəyə götürülmüş 105 kvadratmetr sahədə Azərbaycan stendi quraşdırılıb. Ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Azərbaycan stendi sərgiyə gələn ziyarətçilərə paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və video-çarx ilə təmin edilib.
Sərgi zamanı ziyarətçilərlə işgüzar görüşlər keçirilib və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.
Ölkəmizin stendini Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş katibi Taleb Rifai ziyarət edib və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanovun başçılıq etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirilib. Azərbaycan nümayəndə heyəti, həmçinin BMÜT və Dünya Turizm Sərgisinin təşkilatçılığı ilə keçirilən “Məkan brendinqi: dəyişən bazarda yeni problemlər” adlı sammitdə iştirak edib. Sammitdə dünya turizmində aktual məsələlər müzakirə olunub.
2002-ci ildən başlayaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 13-cü dəfədir ki, “Dünya səyahət bazarı” beynəlxalq turizm sərgisində iştirak edirlər.
Sərgi noyabrın 5-dək davam edəcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London