Dünyamızın humanitar dəyərlərə ehtiyacı var...
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də "Biz Bir Ailəyik" Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş "Biz bir ailəyik" inklüziv konserti keçirilib.
Tədbir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası Gənclər Fondu, Sosial Xidmətlər Agentliyi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəsmi tərəfdaşlığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gənc Könüllülər İctimai Birliyinin təşkilati dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi anılıb, “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin eşitmə və danışma məhdudiyyətli üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra tədbir iştirakçılarına Beynəlxalq Əlillər Gününün tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Beynəlxalq Əlillər Günü hər il bütün dünyada dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Məqsəd ictimai həyatın bütün sahələrində əlilliyi olan şəxslərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən Beynəlxalq Əlilliyi olan Şəxslər Günü 1994-cü ildən etibarən hər il Azərbaycanda qeyd edilir.
Tədbirdə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, UNEC İnklüziv Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Milli Məclisin deputatı Vüqar İskəndərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Azər Əliyev ölkəmizdə müxtəlif dərəcəli əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan bəhs edib, hər bir vətəndaşın dövlətin həmin istiqamətdə apardığı siyasətə insanlıq dəyəri kimi dəstək göstərməsinin vacibliyini vurğulayıb. Dünyamızın humanitar dəyərlərə ehtiyacı olduğunu bildirən natiqlər bu kimi tədbirlərin sosial məsuliyyətlilik, qayğıkeşlik, birlik kimi prinsipləri özündə ehtiva etdiyinə diqqət çəkiblər.
Çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərin qabiliyyət və bacarıqlarının üzə çıxarılması üçün göstərilən diqqət və qayğının müsbət nəticələrinin müşahidə olunduğunu qeyd edərək, həmin qəbildən olan vətəndaşların potensiallarını nümayiş etdirməkdən ötrü kifayət qədər şəraitin mövcudluğundan məmnuniyyətlərini ifadə ediblər.
Tədbir bədii hissə ilə davam edib, incəsənət xadimləri və əlilliyi olan vətəndaşlar musiqi nömrələri ifa edib, rəqslər nümayiş etdiriblər.
Həmçinin əlilliyi olan şəxslərin əl işlərinin sərgi-yarmarkası da təşkil olunub.
Tədbirin sonunda iştirakçılara sertifikat təqdim edilib.