SİYASƏT
Düşmən Horadizdə onlarla mülki şəxsin evinə və obyektlərinə ziyan vurub FOTO VİDEO
Füzuli, 1 oktyabr, Aydın Yavər, AZƏRTAC
Erməni hərbçiləri müharibə cinayətlərini davam etdirərək dinc sakinləri hədəf alırlar.
AZƏRTAC-ın cəbhə zonasına ezam olunmuş müxbiri xəbər verir ki, düşmən Horadiz şəhərində bir sıra evləri və obyektləri artilleriya atəşinə tutub. Nəticədə bir neçə ev, geyim və tikinti materialları mağazası, yeməkxana, dərzi sexi, stomatoloq binası ciddi ziyan görüb.
Horadiz sakinləri düşmənin dinc sakinləri hədəf almasına baxmayaraq, doğma yurdlarını tərk etməyəcəklərini və qələbə sorağını eşidəcəkləri günün uzaqda olmadığını vurğulayıblar. Onlar qüdrətli Azərbaycan Ordusuna güvəndiklərini və Ali Baş Komandan İlham ƏIiyevin ətrafında sıx birləşdiklərini bildiriblər.
Horadiz şəhər sakini Məhərrəm İbişov deyib: “Top mərmisi atılanda xoşbəxtlikdən evdə deyildik. Qonşuluqdakı evlərə də ciddi ziyan dəyib. Buna baxmayaraq biz Azərbaycan əsgərinə güvənərək, öz ata-baba yurdumuzu tərk etmirik. İnşallah zəfər bizimlədir”.
Şəhər sakini Rahilə Mürşüdova da eyni fikirdədir. “Ermənilər bizim ordudan qorxur, ona görə də mülki şəxsləri hədəf seçir. Lakin qüdrətli ordumuz onlara layiqli cavab verir”, - deyə o qeyd edib.