Düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb VİDEO
Bakı, 1 avqust (AZƏRTAC). İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.
X X X
İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış giziri Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.