“E-Tabib” mobil tətbiqi yenilənib
Bakı, 15 mart, AZƏRTAC
“E-Tabib” mobil tətbiqi yenilənib və proqrama bir sıra funksiyalar əlavə olunub.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin IT və innovasiya şöbəsinin müdiri Nicat Kərimov jurnalistlərə açıqlamasında deyib.
N.Kərimov qeyd edib ki, tətbiqin köhnə versiyasında yalnız koronavirus infeksiyası ilə bağlı funksiyalar mövcud idi: “Vətəndaşlar yenilənmiş e-Tabib proqramına müraciət etdikdə həkim tərəfindən müəyyən olunan diaqnozları və tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlər ilə tanış olacaqlar. Eyni zamanda, onlar tibb müəssisəsində etdikləri müraciətləri proqram vasitəsilə qiymətləndirə biləcəklər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həmin nəticələr əsasında tibb müəssisəsi və səhiyyə işçiləri qiymətləndiriləcək.
Məqsədimiz elektron tibbi xidmətlərin əlçatanlığını təmin etmək və keyfiyyətin artırılmasıdır.
Eyni zamanda, vətəndaşlar proqram vasitəsilə verdikləri analizlərin laborator nəticələrini öyrənə biləcəklər”, - deyə bildirib.
Qeyd edib ki, tətbiq yalnız TƏBİB-in tabeliyində olan tibb müəssisələri və müqavilə bağlanılan özəl müəssisələrə şamil edilir.