ƏBƏDİ PREZİDENTİMİZİN SİYASİ VƏ DÖVLƏTÇİLİK TƏCRÜBƏSİ ÖYRƏNİLMƏLİ, TƏDQIQ OLUNMALI, TƏTBİQ EDİLMƏLİDİR
Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, uzun illər görkəmli dövlət xadiminin rəhbərliyi altında işləmiş DİLRUBA CAMALOVA AZƏRTAC-ın müxbirinə demişdir: “İnana bilmirəm ki, xalqımızın dahi oğlu, fəxrimiz, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev dünyasını dəyişib. O, mənim həyatımda böyük rol oynamış müdrik siyasət müəllimidir. Ümummilli liderimiz respublikaya rəhbərlik edən zaman mən Lənkəran rayonuna başçılıq edirdim. Həmin illəri lənkəranlılar yaxşı xatırlayır. Görkəmli dövlət xadiminin həyata keçirdiyi sosial-iqtisadi siyasət sayəsində cənub bölgəsi, o cümlədən Lənkəran tanınmaz dərəcədə dəyişmiş, adamların rifah halı yaxşılaşmışdı. Mübaliğəsiz demək olar ki, möhtərəm Heydər Əliyev Lənkəranı ağ günə çıxarmışdı. Rayonumuz Ümumittifaq miqyasında tanınırdı. Regionun elə bir problemi yox idi ki, respublika rəhbəri ona nüfuz edib həllinə nail olmasın. Tərəvəz plantasiyalarının suvarılmasının qaydaya salmaq məqsədi ilə Xanbulançay su anbarını tikdirdi. Bu vacib obyektin açılışında isə şəxsən iştirak etdi.
1993-cü ildə baş verən hadisələr də yaddaşlara əbədi həkk olunub. Ölkədə baş alıb gedən hərc-mərcliyin, parçalanmanın qarşısını alan yox idi. Xarici və daxili düşmənlərin fitvası ilə Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi yaranmışdı. Xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan qüdrətli siyasətçi ölkəmizi parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Onun sayəsində çox bəlalardan qurtulduq. Prezident Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində qadınlarımız - ana və bacılarımız daim onun qayğısını hiss etmişlər. Ermənistan-Azərbaycan savaşında atəşkəsə nail olunmasını əsgər analarına onun ən böyük töhfəsi hesab edirik. İndi analar övladlarını hərbi xidmətə toy-bayramla yola salırlar. Hər bir gənc fəxr edir ki, dünya şöhrətli dövlət xadiminin formalaşdırdığı ordunun sıralarında xidmət edir.
Azərbaycan qadınları bu ağır itkini, böyük şəxsiyyətin yoxluğunu qəbul edə bilmirlər. Bu, elə böyük bir ayrılıqdır ki, bununla barışmaq mümkün deyildir. Vətənini, torpağını dərin məhəbbətlə sevən böyük şəxsiyyətin – əbədi prezidentimiz Heydər Əliyevin siyasi və dövlətçilik təcrübəsi öyrənilməli, tədqiq olunmalı, tətbiq edilməlidir. Allah rəhmət eləsin”.