ECOSAİ–NİN NÖVBƏTİ İCLASI VƏ FÖVQƏLADƏ ASSAMBLEYASI BAKIDA KEÇİRİLƏCƏKDİR
Hesablama Palatasından AZƏRTAC-a bildirmişlər ki, iclasda təşkilatın Katibliyinin 1999-2003–cü illərdəki maliyyə fəaliyyətinin auditinin nəticələri də müzakirə olunmuşdur. Tehranda keçirilən ötən iclasda Katibliyin hesablarının auditi Azərbaycan və Qırğızıstan Hesablama Palatalarına tapşırılmışdı.
Azərbaycan tərəfindən bu vəzifə Cəfər Həsənova həvalə edilmiş və o, auditin nəticələri barədə hesabatı iclasa təqdim etmişdir. Geniş müzakirələrdən sonra hesabat yekdilliklə qəbul edilərək təsdiq olunmuşdur.
ECOSAİ-nin Fövqəladə Assambleyasında təşkilatın ötən müddətdəki fəaliyyəti barədə hesabat məruzəsi də dinlənilmiş, ECOSAİ–nin Nizamnaməsinə əlavələr edilməsi məsələsi müzakirə olunmuşdur.
Fövqəladə Assambleyada Türkiyənin Ali Maliyyə Nəzarəti orqanının başçısı Mehmet Damar ECOSAİ-nin prezidenti seçilmişdir.
Növbəti iclasın və Fövqəladə Assambleyanın 2005-ci ilin aprel-may aylarında Bakıda keçirilməsi qərara alınmışdır.