CƏMİYYƏT
“Ecotaka Solutions Africa”nın icraçı direktoru: COP29-a hazırlıq yüksək səviyyədədir
Bakı, 11 noyabr, AZƏRTAC
Atmosferin karbon qazı ilə çirklənməsinin əsas mənbələrindən biri də avtomobil nəqliyyatıdır. Bu baxımdan Bakıda COP29 iştirakçılarına ayrılan nəqliyyatın məhz elektrik avtobusları olması məni çox heyrətləndirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn Keniyada fəaliyyət göstərən “Ecotaka Solutions Africa”nın icraçı direktoru Rose Kerubo Omariba deyib.
"Bu göstərir ki, Azərbaycan həqiqətən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəyə maraq göstərən ölkədir. Tədbirə gəldikdə, onu deyə bilərəm ki, COP29-a hazırlıq yüksək səviyyədədir", - deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, noyabrın 11-22-də Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Xatırladaq ki, Azərbaycan baza ili (1990-cı il) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.