Ədliyyə Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
Akademiyanın prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov Azərbaycanın ikiyə bölünməsinə səbəb olmuş Türkmənçay müqaviləsinin ağır nəticələrindən danışmış və bu sənədin XIX əsrin əvvəllərində xalqımıza qarşı soyqırımı siyasətinin başlanğıcı olduğunu qeyd etmişdir.
Yığıncaqda erməni millətçilərinin keçmiş SSRİ rəhbərliyində olan himayədarlarının köməyi ilə azərbaycanlıları planlı şəkildə doğma dədə-baba yurdlarından çıxarmaları, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlının Qərbi Azərbaycandan Kür-Araz ovalığına deportasiya etmələri konkret faktlarla diqqətə çatdırılmış, 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin ağrılı nəticələrindən danışılmışdır.
Çıxışlarda Azərbaycan xalqının zaman-zaman başına gətirilən soyqırımı hadisələrinə vaxtında siyasi-hüquqi qiymət verilməməsi təəssüf hissi ilə qeyd edilmişdir. Bildirilmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra bu soyqırımı hadisələrinə zəruri hüquqi-siyasi qiymət verilmiş, ulu öndərin imzaladığı Fərmanla hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması, siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü işlər xüsusi qeyd edilmişdir. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həll olunacağına əminlik ifadə edilmişdir.