Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün növbəti mühazirə oxunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən növbəti mühazirə oxunub. Bu tədris müəssisəsində ilkin uzunmüddətli kurslara cəlb olunmuş hakimliyə namizədlərin ikinci qrupu üçün oxunan məruzə “Ombudsmanın insan hüquqlarının müdafiəsində rolu” mövzusuna həsr edilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkil ölkəmizin keçdiyi iqtisadi inkişaf yolu və bunun mühüm nəticəsi olan hüquqi islahatlar, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər, strateji əhəmiyyət daşıyan dövlət proqramlarının qəbulu, habelə milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə qazanılan nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verib.
Elmira Süleymanova ulu öndər Heydər Əliyevin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı ilə insan hüquq və azadlıqlarının təmini istiqamətində müəyyənləşdirilən strateji məqsədlər, “İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyəti barədə danışıb, bu siyasətin məntiqi davamı olaraq isə Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsinin insan hüquq və azadlıqlarının daha etibarlı təminatına ən mühüm töhfələrdən biri olduğu vurğulanıb.
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun müddəalarına uyğun olaraq Müvəkkilin səlahiyyətləri, müxtəlif dövlət qurumları, məhkəmələr və hakimlərlə əməkdaşlıq, insan hüquqlarının effektiv təmini baxımından ehtiyac duyulan yanaşmalarla bağlı məsələlər mövcud təcrübədən gətirilən misallar əsasında diqqətə çatdırılıb.
Ombudsmanın təklifləri nəzərə alınmaqla milli qanunvericilikdə həyata keçirilən islahatlar, informasiyaya çatım, o cümlədən BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, habelə verilmiş tövsiyələr və onların icrası vəziyyəti ilə bağlı məlumatlar mühazirənin əsas mövzularından olub.
Qeyd edilib ki, insan hüquqları sahəsində həyata keçirilən islahatların davamı olaraq, yeni normalar nəzərdə tutan normativ hüquqi aktların hazırlanması, yeni qanunların qəbulu, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələrin müəyyənləşdirilməsi insan hüquq və azadlıqlarının daha səmərəli təmininə verilən ən mühüm töhfələrdəndir. Bu baxımdan 2017-ci il fevralın 10-da Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam da insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ təşkil edir. Sərəncam mahiyyətcə hərtərəfli olmaqla, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edir. Bu yanaşma isə dövlət tərəfindən şəxsin ləyaqətinin sosial dəyər kimi qəbul edilməsini, hüquq və azadlıqların təmini baxımından hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, azadlıq hüququna müdaxilənin yolverilməzliyini tələb edir.
Mühazirədə bu sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsindən getdikcə imtina olunması sahəsində mövcud təcrübə ilə bağlı müddəaları, burada nəzərdə tutulmuş probasiya xidmətinin yaradılması və mahiyyəti diqqətə çatdırılıb, Ombudsman təsisatında Sərəncamın icrası ilə bağlı ictimai müzakirənin keçirildiyi bildirilib.
Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı təqdim etdiyi məlumatlar dinləyicilər tərəfindən maraqla qarşılanıb və mühazirənin yekununda Müvəkkil insan hüquqlarının effektiv təmini və həssas yanaşmalarla bağlı hakimliyə namizədlərə öz tövsiyələrini verib.