Ədliyyə işçiləri oftalmoloji müayinə olunacaq
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 7-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində tibbi aksiya keçirəcək. Bu aksiya akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr ediləcək.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində ədliyyə işçiləri arasında oftalmoloji müayinələr aparılacaq. Məqsəd pasiyentlərin səhhətlərində olan problemlərin həllinə kömək etmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinq aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları, işlədikləri yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə rəhbərinin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.
Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Səyyar qatarı fəaliyyətə başlayıb.
Xatırladaq ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Həmin rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.