ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Dövlətimizin başçısının tapşırıqlarına əsasən, penitensiar sistemin fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, mövcud nöqsanların aradan qaldırılması, məhkumların hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirləri diqqətə çatdıran nazir, bu sahədə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə həyata keçirilən səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan hökuməti ilə bu nüfuzlu təşkilat arasında 2000-ci ildə imzalanmış oxşarı olmayan sazişə əsasən komitə nümayəndələrinin maneəsiz olaraq mütəmadi şəkildə cəzaçəkmə yerlərinə baş çəkməsi, məhkumlarla sərbəst görüşlər keçirməsi müsbət nəticələr verir, nazirliyə təqdim olunan hesabatlar üzrə zəruri tədbirlər görülür.
Penitensiar sistemdə ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunan nazir F.Məmmədov, hazırda bu sahədə şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirildiyini bildirmiş, ictimai nəzarətin daha mütəşəkkil və təsirli həyata keçirilməsi üçün İctimai Komitənin yaradılması ilə bağlı görülən işlərdən danışmışdır.
Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatının penitensiar sistemin də fəaliyyətinə müsbət təsir göstərdiyini qeyd edən xanım Meri Vernts, son dövrdə görülən əsaslı tədbirlər nəticəsində məhkumların saxlanma şəraitinin, ərzaq və digər təminatlarının, onlarla rəftarın tam yaxşılaşdığını bildirmişdir. O, səhiyyə xidmətinin fəaliyyətində müsbət dəyişiklikləri xüsusi vurğulayaraq, komitə ilə birgə həyata keçirilən vərəmli məhkumların müalicəsinin effektiv nəticələr verməsini bu sahədə böyük nailiyyət kimi qiymətləndirmiş, fəal əməkdaşlığa görə nazirliyə təşəkkür etmişdir.
Jan Pol Korba Azərbaycanın penitensiar sistemində aparılan mütərəqqi islahatların, ilk növbədə, məhkumların mənafeyinə xidmət etdiyini məmnunluqla vurğulayaraq, baş idarənin yeni rəhbərliyi tərəfindən onların fəaliyyəti üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlığını bildirmişdir.
Görüşdə penitensiar sistemdə ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə İctimai Komitənin yaradılması barədə nazirliyin təşəbbüsü yüksək qiymətləndirilərək, qarşılıqlı əməkdaşlığın perspektivləri və bir sıra konkret məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.