ƏDLİYYƏ NAZİRLİYİNDƏ NÖVBƏTİ KOLLEGİYA İCLASI OLMUŞDUR
Nazir Fikrət Məmmədov çıxış edərək, dövlətimiz tərəfindən söz və mətbuat azadlığının təmin edilməsinə xüsusi diqqət və qayğı göstərildiyini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün münbit şərait yaradıldığını və bunun nəticəsi olaraq, dövlət reyestrinə daxil edilmiş mətbu nəşrlərin sayının ölkədə 2600-ə çatdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, ədliyyə orqanları tərəfindən mətbuatla əlaqələrə xüsusi diqqət yetirilir, aşkarlığın təmin edilməsi üçün bütün tədbirlərə kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar. Beş mətbu orqana, o cümlədən “Ədliyyə” qəzetinə, “Qanunçuluq”, “Cəmiyyət və cəza” jurnallarına malik olan nazirlikdə həmin nəşrlərin və eləcə də internet saytının imkanlarından səmərəli istifadə edilir. İclasda Milli Mətbuat günü ilə bağlı ədliyyə orqanlarının bu sahədə çalışan işçilərinin mükafatlandırılması barədə ədliyyə nazirinin əmri elan olunmuşdur.
Kollegiyada, həmçinin 25 qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı məsələsinə baxılmışdır. Bu ilin altı ayı ərzində 300-dən çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmış və onların ümumi sayı ölkədə 2200-ü keçmişdir. İlin birinci yarısında 2400 kommersiya, o cümlədən 209 xarici investisiyalı kommersiya təşkilatı qeydiyyata alınmışdır. Onların sırasında bölgələrdə yaradılan təşkilatların sayı son dövrdə dəfələrlə artaraq 40 faizə çatmışdır ki, bu da dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına yönəlmiş siyasətinin parlaq təzahürüdür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin iştirak etdiyi kollegiya iclasında ədliyyə işçilərinin əmək və sosial hüquqlarının müdafiəsi, onların iş və məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə baxılmış və bu sahədə görülən tədbirlər yüksək qiymətləndirilmişdir.