ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib










Bakı, 23 iyun, AZƏRTAC
23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər sırasında nazirliyin 10 nəfər əməkdaşının da olduğunu və ümumilikdə 2018-ci ildən qurumun 157 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyünü bildirib.
Nazir təltif olunmuş əməkdaşlar adından göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə demokratik dəyərlər və mütərəqqi prinsiplər əsasında dövlət idarəetmə sisteminin qurulması ilə bağlı xidmətlərini vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin tapşırığı ilə bu sahədə milli qanunvericilik yaradılıb və Prezident İlham Əliyevin uğurlu islahatlar proqramı əsasında dövlət qulluğu sistemi ildən-ilə daha da təkmilləşib. Dövlətimizin başçısının "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” sözləri dövlət qulluğuna qəbul olunan hər bir şəxs üçün daim əsas fəaliyyət prinsipi olmalıdır.
Təltif olunan və nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələrinə təyin olunan əməkdaşları təbrik edən Anar Əliyev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı 25 il” mövzusunda çıxış edib. Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi, bu sahədə görülmüş işlərin nəticələri haqqında məlumat verilib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və dövlət qulluğunun inzibati vəzifələrinə işə qəbul olunan 42 nəfər əməkdaş and içib.
Dövlət qulluğunda çalışan ən gənc əməkdaşın çıxışı dinlənilib və dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərə xidməti vəsiqələr təqdim edilib. Onlar çıxış edərək göstərilən inam və etimadı daim layiqli səviyyədə doğruldacaqlarını bildiriblər.