Əfqanıstan üzrə İstanbulda keçirilməli olan konfrans təxirə salınıb
Bakı, 20 aprel, AZƏRTAC
Əfqanıstanda sülhün bərqərar olunması üzrə aprelin sonlarında Türkiyədə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans təxirə salınıb.
AZƏRTAC Al Jazeera telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın milli barışıq üzrə ali komissiyasındakı mənbə məlumat yayıb.
Mənbənin dediyinə görə, Əfqanıstan üzrə İstanbulda keçirilməli olan konfrans “Taliban” hərəkatının tədbirdə iştirakdan imtina etməsi səbəbindən təxirə salınıb.
Bir neçə saat öncə taliblərin rəsmi nümayəndəsi Zabihullah Mücahid hərəkatın beynəlxalq konfransda iştirakdan xarici müdaxilə səbəbindən imtina etdiyini bildirib.
Qeyd edək ki, Əfqanıstanda münaqişənin sülh yolu ilə nizamlanması üzrə aprelin 24-dən mayın 4-dək İstanbulda keçirilməsi planlaşdırılan görüşə həm Əfqanıstan hökumətinin, həm də “Taliban” hərəkatının nümayəndələri dəvət olunub. Bir qədər əvvəl taliblər xarici qoşunlar ölkə ərazisindən tam çıxarılmayana qədər Əfqanıstan üzrə qərarın qəbul olunacağı heç bir konfransda iştirak etməyəcəklərini bəyan ediblər.