Əhməd Cavad tarixdə istiqlal şairi kimi tanınıb
Onun irsi Azərbaycanda yaşadıldığı qədər qardaş Türkiyədə də dəyərləndirilir
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik şəxsiyyətlərdən biri idi. Gənclərin vətənpərvərlik ruhunda böyüməsində Əhməd Cavad yaradıcılığının böyük rolu var. Azərbaycançılıq, türkçülük ideyaları, türk xalqlarının birliyinə çağırış kimi mövzular Əhməd Cavad yaradıcılığının əsasını təşkil edib. Əhməd Cavad kimi ədiblər hər zaman minnətdarlıqla xatırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetində Əhməd Cavadın 130 illiyi münasibətilə keçirilən tədbirdə rektor Vilayət Vəliyev deyib.
Əhməd Cavad haqqında yazılan ilk kitabın müəllifi professor Nəsiman Yaqublu görkəmli ədibin yaradıcılığından danışıb. Qeyd edib ki, üçrəngli bayrağımız haqqında ilk şeirlərin müəllifi olan Əhməd Cavad tarixdə istiqlal şairi kimi tanınıb. Təəssüf ki, dövrün parlaq şəxsiyyətləri sırasında olan Əhməd Cavad 1930-cu illərin ağır repressiyalarına məruz qalıb və sovet totalitarizminin qurbanına çevrilib.
Şairin nəticəsi Cavad Axundzadə bildirib ki, Əhməd Cavad Dövlət Himninin müəllifi kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Milli mübarizəyə, istiqlala xidmət edən Əhməd Cavad irsi Azərbaycanda yaşadıldığı qədər qardaş Türkiyədə də dəyərləndirilir. O, Əhməd Cavadın türk dünyasında məşhur olan şeirlərindən misralar səsləndirib.
Sonra Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə tələbələr Əhməd Cavadın şeirlərini söyləyib, şeirlərinə yazılmış mahnıları ifa ediblər.