“Eko-Aləm” İctimai Təşkilatı ekoloji layihəyə dair yekun konfransı keçirib
Bakı, 24 iyul, Əziz Məmmədov, AZƏRTAC
“Eko-Aləm” İctimai Təşkilatı (İT) Beynəlxalq Mətbuat Mərkəzində “Xəzər dənizi sahilinin məişət tullantılarından təmizlənməsi - sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” layihəsi üzrə yekun konfransı keçirib. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ekoloji QHT-lərin rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertləri, jurnalistlər iştirak ediblər.
“Eko-Aləm” İT-nin sədri Sevil Yüzbaşova konfrans iştirakçılarına layihənin icrasının gedişatı barədə məlumat verərək bildirib ki, bu ilin aprelindən başlayaraq orta təhsil məktəblərində bir sıra maarifləndirici tədbirlər, habelə Xəzər dənizin ekoloji monitorinqini keçirilib. O deyib: ”Məsələn, gənclər arasında “yaşıl təfəkkür”ü təbliğ etmək məqsədi ilə Dünya Sağlamlıq Günündə (7 aprel) Xəzər rayonundakı Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbdə maarifləndirmə tədbiri təşkil edilib. Bundan əlavə, Xəzər dənizi sahillərində, Müqtədir və Xaçmaz rayonunun Nabran qəsəbələrində, habelə Lənkəran və Masallı rayonlarında dəniz sahilinin məişət tullantılarından təmizlənməsi aksiyaları keçirilib. Bu da gənclər tərəfindən maraqla qarşılanıb. “Eko-Aləm” bütün aksiya iştirakçılarını təmizləmə üçün zəruri olan inventarla təchiz edib. Biz, həmçinin plastik butulkaların ətraf mühit üçün ziyanı barədə maarifləndirici bukletlər və plakatlar paylamışıq. Məlum olduğu kimi, plastik kütlə ilə çirklənmə belə məhsulların ətraf mühitdə toplanması prosesidir. Plastik kütlə yabanı təbiətə, insanların, vəhşi heyvanların məskunlaşdığı mühitə, habelə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Plastik kütlə ilə çirklənmənin çoxlu növü və forması var. Plastik kütlənin yayılması onun ucuzluğu və möhkəmliyi ilə bağlıdır və onun insan tərəfindən istifadə səviyyəsini müəyyən edir. Hazırda müxtəlif ölkələr plastik kütlə ilə çirklənməni azaltmaq istiqamətində səylər göstərir, o cümlədən ondan istifadəni azaltmağa və emalını təşviq etməyə cəhdlər göstərirlər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti Şövkət Bəkirov qeyd edib ki, nazirlik hər il sentyabr ayının sonuncu həftəsində Beynəlxalq Dəniz Gününə həsr olunmuş “Xəzər həftəsi” təşkil edir: “Bu əlamətdar gün münasibətilə tədbirlər planı hazırlanır. Həmin plana görə, mərhələli şəkildə iməciliklər, yerli icra strukturlarının və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar, habelə Azərbaycan hökumətinin Xəzərin bioresursların mühafizəsi və çoxaldılması sahəsində gördüyü iş barədə məktəblilərin və KİV nümayəndələrinin məlumatlandırılmasına dair tədbirlər keçirilir.