Ekologiya və təbii sərvətlər naziri Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 31 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin dövlət qurumlarına insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Avqustun 31-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edib. Tədbir mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digərləri üzrə isə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.