Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti qanvermə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunan qanvermə aksiyasında ETSN-in əməkdaşları fəal iştirak ediblər.
Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən həyata keçirilib və hər bir donorun sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra qan götürülüb.