Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi şimal bölgəsindən olan vətəndaşlarla görüşüb
Xaçmaz, 13 mart, Elxan Yusifli, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev martın 13-də Xaçmazda vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Xaçmaz, Quba və Şabran rayonlarından olan vətəndaşların ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Həmin gün nazir müavinləri Firdovsi Əliyev Qusarda, Rauf Hacıyev isə Xızıda vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.