Ekoloji mövzuda ən yaxşı esse yazan tələbələr mükafatlandırıldılar
Bakı, 18 mart, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə birlikdə bu universitetin tələbələri arasında keçirdiyi inşa müsabiqəsinin nəticələri məlum olub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar universitetdə keçirilən tədbirdə ən yaxşı 3 essenin müəllifi mükafatlandırılıb.
“Green Soulitions” (“Yaşıl Həllər”) adlı müsabiqəsində iştirak edən tələbələr “Yaşıl düşüncə nədir?”, “XXI əsrin ekologiyasına kömək”, “Ətraf mühitin sağlamlığı kimdən asılıdır?”, “Özündən başla - yaşıla keç”, “Tullantıların çeşidlənməsi -evdən başla”, “Ekologiya və biz. Kömək vaxtı” mövzularından hər hansı birində esse yazıblar. “Təmiz Şəhər”in və Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin mütəxəssislərindən ibarət münsiflər heyəti esseləri oxuyub və qiymətləndirib. Ən yaxşı 3 yazının müəlliflərinə pul mükafatları verilib.
Mükafatlandırma tədbirində çıxış edən “Təmiz Şəhər” ASC-nin idarə heyəti sədrinin müşaviri Oqtay Məmmədov bildirib ki, səhmdar cəmiyyət bu müsabiqə ilə tələbələrin diqqətini ətraf mühitin qorunması, tullantıların idarə olunması məsələlərinə yönəltməyə çalışıb: “Bu, tələbələr üçün bir stimul oldu, onlar esse yazarkən araşdırmalar aparıblar və sahəni daha dərindən öyrəniblər”.