Ekspert: Dolların beynəlxalq bazarlardakı dəyişkənliyi manatın məzənnəsinə birbaşa təsir göstərmir
Bakı, 9 iyul, AZƏRTAC
Mövcud şəraitdə nə dolların güclənməsi, nə də zəifləməsi Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli risk formalaşdırmır.
Bu sözləri Forex bazarında ABŞ dollarının son dövrlərdəki dəyişkənliyinin Azərbaycan manatına və ölkənin xarici ticarətinə təsirini AZƏRTAC-a şərh edərkən maliyyə bazarları üzrə ekspert Azər Balamedov deyib. O bildirib ki, Forex bazarında volatillik yeni hal deyil və artıq təxminən 50 ildir davam edir. Bu bazar 1976-cı ildə Yamayka sazişindən sonra formalaşıb. Həmin dövrdə qızıl-dollar standartı ləğv edilib və neft-dollar sistemi yaranıb. Hazırda da dünya maliyyə sistemi əsasən bu mexanizm üzərində fəaliyyət göstərir.
Ekspert qeyd edib ki, Azərbaycan manatı uzun illərdir ABŞ dollarına qarşı inzibati qaydada sabit saxlanılır və dollar-manat məzənnəsi təxminən 10 ilə yaxındır 1,70 səviyyəsində qorunur. Bu səbəbdən dolların beynəlxalq bazarlardakı dəyişkənliyi manatın məzənnəsinə birbaşa təsir göstərmir.
Azər Balamedovun fikrincə, hazırkı mərhələdə dolların güclənməsi daha çox müvəqqəti və kollektiv xarakter daşıyır. Yaxın 6 ay - 1 il ərzində dolların qlobal trendi daha çox zəifləmə istiqamətində ola bilər: “Dolların möhkəmlənməsi Azərbaycan üçün müəyyən mənada müsbət amildir. Çünki ölkə iqtisadiyyatının əsas gəlir mənbəyi neft və qaz ixracıdır və bu məhsullar beynəlxalq bazarlarda ABŞ dolları ilə satılır. Eyni zamanda, əldə olunan gəlirlər də əsasən dollar valyutasında saxlanılır. Neft qiymətlərinin yüksək olduğu dövrlərdə dolların möhkəmlənməsi ölkənin valyuta gəlirlərinə müsbət təsir göstərir. Azərbaycan büdcəsində nəzərdə tutulan neft qiyməti ilə müqayisədə dünya bazarında qiymətlərin daha yüksək olması da, iqtisadiyyat üçün əlavə üstünlük yaradır. Azərbaycan idxaldan asılı ölkə olsa da, idxalın əsas hissəsi ABŞ-dan deyil, Çin və Avrozona ölkələrindən həyata keçirilir. Dolların möhkəmlənməsi fonunda həmin ölkələrin valyutalarının zəifləməsi Azərbaycana idxal olunan məhsulların qiymətlərində ciddi artım yaratmır”.
Ekspertə görə, hazırkı şəraitdə dolların dünya bazarlarında möhkəmlənməsi Azərbaycan iqtisadiyyatına nə ciddi müsbət, nə də ciddi mənfi təsir göstərir. Bunun səbəbi manatın sabit məzənnə rejimində idarə olunması və ölkənin əsas ixrac gəlirlərinin dollarla formalaşmasıdır. Əgər Azərbaycan manatı üzən məzənnə rejimində fəaliyyət göstərsəydi, dolların qlobal bazarlardakı dəyişiklikləri daha ciddi təsirlər yarada bilərdi.