Ekspert: İkinci Qarabağ savaşı hibrid müharibənin real nümunəsi oldu
Bakı, 3 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
İkinci Qarabağ savaşı hibrid müharibənin real nümunəsi oldu. Hərbi əməliyyatlarla paralel olaraq sosial şəbəkələrdə manipulyativ materiallar, saxta videolar, dezinformasiya kampaniyaları, kibermüdaxilələr və psixoloji təzyiq üsulları müşahidə edildi. Bu təcrübə göstərdi ki, müasir müharibələr təkcə hərbi əməliyyatlarla deyil, informasiya, kiber və psixoloji cəbhələrdə də aparılır.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti və ADA Universitetinin professoru Təbriz Raufoğlu deyib.
Onun sözlərinə görə, hibrid təhdidlərin ən təsirli istiqamətlərindən biri informasiya müharibəsidir və bu sahə Azərbaycanın beynəlxalq imicinə birbaşa təsir göstərir. Müxtəlif aktorlar Azərbaycanı regional əməkdaşlıqda etibarsız tərəfdaş kimi təqdim etməyə, ölkənin siyasi mövqelərini zəiflətməyə və beynəlxalq rəy formalaşdırmağa çalışırlar. Saxta videolar, deepfake materiallar, manipulyativ xəbərlər və sosial şəbəkələrdə koordinasiya olunmuş kampaniyalar beynəlxalq ictimai rəyin çaşdırılması üçün istifadə edilir.
“Ən səmərəli əks-tədbirlərdən biri strateji kommunikasiya sisteminin gücləndirilməsidir. Şəffaf və operativ məlumatlandırma, dövlət qurumları arasında koordinasiya, informasiya axınının beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi bu istiqamətdə əsas rol oynayır. Süni intellekt əsaslı monitorinq sistemlərinin tətbiqi troll şəbəkələrini və manipulyativ kontenti erkən aşkarlamağa imkan verir. NATO, Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq Azərbaycanın informasiya təhlükəsizliyini daha da möhkəmləndirir”, - deyə ekspert bildirib.
Müsahibənin tam variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.