Ekspert: Liberal iqtisadiyyatın formalaşdırılması dövlətin əsas iqtisadi prioritetidir
Bakı, 3 dekabr, AZƏRTAC
Hazırda Azərbaycanda kiçik və orta sahibkarlığın, bütövlükdə isə liberal iqtisadiyyatın formalaşdırılması üçün hansı islahatlar həyata keçirilir?
İqtisadçı Kamran Hacıyev AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, hazırda Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın formalaşması dövlətin əsas iqtisadi prioritetidir.
2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası və “Milli Prioritetlər 2030” çərçivəsində məqsəd dövlətin iqtisadiyyatda payını tədricən azaltmaq, rəqabətli mühit yaratmaq, kiçik və orta sahibkarlığın (KOS) ölkə iqtisadiyyatındakı çəkisini artırmaqdır. Bunun üçün Rəqabət Məcəlləsinin qəbulu, dövlət satınalmalarının rəqəmsallaşdırılması, sənaye və texnologiya parklarının genişləndirilməsi, klaster siyasəti, “KOB evləri” (Kiçik və Orta Biznes evləri) və “bir pəncərə” xidmətləri kimi institusional islahatlar həyata keçirilir.
“Bu addımlar tənzimləməni sadələşdirir, sahibkar üçün inzibati yükü azaldır və daha liberal, bazaryönümlü iqtisadi mühit formalaşdırır. Sahibkarların kredit resurslarına çıxışı son illərdə yaxşılaşsa da, xüsusilə mikro və kiçik biznes üçün bir sıra çətinliklər qalmaqdadır. Girov çatışmazlığı, maliyyə hesabatlarının zəif təşkil olunması və kredit tarixçəsinin olmaması bank maliyyələşməsinə çıxışı məhdudlaşdırır. Bununla belə, kommersiya banklarında KOS portfellərinin böyüməsi, beynəlxalq maliyyə institutları – EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı), ADB (Asiya İnkişaf Bankı) və digər qurumların Azərbaycan banklarına xətt ayırması, eləcə də dövlətin güzəştli kredit mexanizmlərinin genişlənməsi nəticəsində ümumi dinamika müsbətdir. Hazırda əsas problem kreditlərin əlçatanlığından çox, onların dəyəri (faiz yükü), müddəti və girov tələblərinin sərtliyidir. Bu çətinlikləri azaltmaq üçün dövlət KOS-un maliyyəyə çıxışını bir neçə iqtisadi alətlə dəstəkləyir”, - deyə Kamran Hacıyev vurğulayıb.
İqtisadçı qeyd edib ki, investisiya təşviqi sənədi, vergi və gömrük güzəştləri, sənaye parklarında rezidentlik, klasterlərdə iştirak və azad olunmuş ərazilərdə biznes fəaliyyətinə xüsusi güzəştlər sahibkarın maliyyə yükünü azaldır və banklar üçün riskləri paylaşaraq kreditləşməni stimullaşdırır: “Ümumilikdə isə bu tədbirlər dövlət idarəçiliyindən bazar mexanizmlərinə keçidi sürətləndirərək daha liberal və rəqabətyönümlü iqtisadiyyatın formalaşdırılmasına xidmət edir.