Ekspert: Ölkəmizin Macarıstanla enerji sektorunda əməkdaşlığının geniş potensialı var
Bakı, 30 yanvar, AZƏRTAC
Macarıstan Azərbaycanın dost ölkələrindən biridir. Təqdirəlayiqdir ki, Macarıstan, həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür. Macarıstan şirkətləri Azərbaycanda, xüsusilə enerji sektorunda yaxından iştirak edir, hətta ölkəmizə milyard dollardan çox investisiya qoyub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
O bildirib ki, Azərbaycanla Macarıstan arasında yaxşı münasibətlər mövcud olsa da, ticarət əlaqələri potensialın aşağısındadır: “Bunun əsas səbəbi Macarıstanın Avropanın kontinental hissəsində, dənizdən kənarda yerləşdiyi üçün və Azərbaycanın okeanlara çıxışı olmadığından logistika məsələlərinin çətin həll olunması ilə bağlıdır. Buna baxmayaraq, bu göstərici son dövrlər artmaqdadır. Təbii ki, bizim Macarıstanla digər siyasi əlaqələrimiz də mövcuddur, qeyri-iqtisadi əlaqələrimiz daha yaxşı vəziyyətdədir. Bu da iqtisadi və ticarət əlaqələrini yaxşılaşdırmağa imkan verir”.
Ekspert qeyd edib ki, əlaqələrin inkişaf potensialı iki istiqamət üzrədir. Macarıstan Cənub Qaz Dəhlizindən qaz almaqda maraqlıdır, Azərbaycan da bu istiqamətdə Macarıstana qaz satmaqda xüsusi maraq göstərir. Bu, Azərbaycanın satış bazarının diversifikasiyası deməkdir. Həmçinin Azərbaycan bir neçə ildə qaz satışının həcmini artırmağı planlaşdırır. Avropaya qaz ixracının 2027-ci ilə qədər 32 milyard kubmetrə qədər artırılması gözlənilir və bu istiqamətdə Macarıstanla əməkdaşlıq mümkündür.
“Digər mühüm bir istiqamət Prezident İlham Əliyevin Rumıniyaya səfəri çərçivəsində dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanmasıdır. Sazişin mühüm nəticəsi olaraq, bərpaolunan enerji mənbələri üzrə istehsal ediləcək elektrik enerjisinin Gürcüstan vasitəsilə Qara dəniz sualtı kabeli ilə Rumıniya və Macarıstana, həmçinin digər Avropa ölkələrinə ötürülməsi üçün infrastruktur imkanlarının yaradılması nəzərdə tutulub. Bu Saziş əməkdaşlığın geniş potensialını yaradır. Hazırda bu layihə üzərində iqtisadi-texniki dəyərləndirmə aparılır. Buradan da müsbət qərarın çıxması gözlənilir ki, Azərbaycan bu xətt vasitəsilə Avropaya 4 qiqavatlıq külək və ya Günəş enerjisi ixrac etsin. Bu, Azərbaycana Macarıstanın enerji bazarına daxil olmağa imkan verir. Həmçinin bərpaolunan enerji mənbələri əsasında istehsal olunan elektrik enerjisinin Avropa bazarına, o cümlədən Macarıstana ötürülməsinə gətirib çıxaracaq. Azərbaycan əsas gücünü bu istiqamətə yönəldib. Dövlətimiz planlaşdırır ki, yaxın gələcəkdə alternativ enerji mənbələri əsasında elektrik enerjisinin istehsalını ciddi şəkildə genişləndirsin. Bunun da əsas bazarı kimi Avropanı, o cümlədən Macarıstanı görür. Bu istiqamətdə əməkdaşlığın geniş potensialı mövcuddur”,- deyə Xalid Kərimli qeyd edib.