Ekspert: Peşə təhsilində nəzərdə tutulan yeniliklər əmək bazarındakı boşluqların aradan qaldırılmasına xidmət edəcək
Bakı, 27 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda peşə təhsilinin inkişafı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və peşəyönümü fəaliyyətin gücləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər mühüm addımlar kimi dəyərləndirilir.
Təhsil eksperti Ramin Nurəliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Tədbirlər Planında peşəyönümlü ixtisasların sayının artırılması, peşə təhsili müəssisələrinin genişləndirilməsi və bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi gələcəyə hesablanmış mühüm addımlardır.
Müsahibimiz vurğulayıb ki, son illər peşə təhsilinə marağın artması məhz dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir: “Yüksək peşə təhsili ixtisaslarının inkişaf etdirilməsi, həmin proqramların məzunlarına subbakalavr dərəcəsinin verilməsi və onlara ali təhsil müəssisələrinə imtahansız qəbul imkanının yaradılması peşə təhsilinin cəlbediciliyini artıran əsas amillərdəndir. Bununla yanaşı, dövlət sifarişli yerlərin və peşə ixtisaslarının sayının artırılması gənclərin peşəyönümlü sahələrə üz tutmasına əlavə stimul yaradır”.
Ekspert qeyd edib ki, beynəlxalq təcrübə də peşə təhsilinin iqtisadi inkişaf və məşğulluq baxımından mühüm rol oynadığını göstərir. Avropa ölkələrində, xüsusilə Almaniyada peşə təhsili ali təhsillə paralel və bərabərhüquqlu inkişaf etdirilir. Bu səbəbdən peşə sahələrinə maraq kifayət qədər yüksəkdir. Azərbaycanda da həyata keçirilən islahatlar əmək bazarının ehtiyac duyduğu ixtisaslı kadrların hazırlanmasına və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.
“Peşə təhsili üzrə dövlət sifarişli yerlərin çoxalması bu sahədə sağlam rəqabət mühiti formalaşdıracaq. Gənclər peşə təhsilinə daha çox maraq göstərəcək və nəticədə əmək bazarına daha hazırlıqlı mütəxəssislər daxil olacaqlar”, – deyə Ramin Nurəliyev qeyd edib.
Ekspert hesab edir ki, gələcəkdə peşə təhsilinin daha da inkişaf etdirilməsi üçün əlavə təşviq mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı: “Xüsusilə yüksək peşə təhsili alan tələbələr üçün hərbi möhlət hüququnun nəzərdən keçirilməsi bu sahəyə marağın daha da artmasına töhfə verə bilər. Eyni zamanda, müəyyən peşələr üzrə fəaliyyət göstərən şəxslər üçün peşə təhsili diplomunun tələb edilməsi xidmət keyfiyyətinin yüksəldilməsinə və peşə təhsilinə tələbatın artmasına müsbət təsir göstərə bilər”.
Təhsil eksperti vurğulayıb ki, Tədbirlər Planında nəzərdə tutulan yeniliklər ümumilikdə əmək bazarında ixtisaslı kadr potensialının güclənməsinə, peşə təhsilinin nüfuzunun yüksəlməsinə və iqtisadiyyatın müxtəlif sahələrində kadr çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək.