Ekspert: Şagirdlər üçün əlavə vəsaitlərin sayına vahid yanaşma tətbiq olunmalıdır
Bakı, 25 sentyabr, AZƏRTAC
Ümumtəhsil məktəblərində dövlət tərəfindən təqdim olunan dərslik və tədris vəsaitləri şagirdlərin təhsil prosesində istifadəsi üçün əsas resurslardır. Əlavə vəsaitlərin həddindən artıq çox olması isə həm şagirdin fiziki yükünü artırır, həm də valideynlər üçün əlavə maliyyə xərcləri yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, müəllimlər tərəfindən müxtəlif test banklarının, iş dəftərlərinin və digər əlavə vəsaitlərin tələb olunması bəzi hallarda şagirdlərin çantalarının həddindən artıq ağırlaşmasına səbəb olur. Şagird gün ərzində bir neçə əsas fənn üzrə dərslik, dəftər və əlavə test vəsaitləri daşımalı olduqda bu, onun üzərində ciddi fiziki yük yaradır. Xüsusilə aşağı siniflərdə və orta məktəbin ilk pillələrində şagirdlərin daşıdığı vəsaitlərin çəkisinə diqqət yetirilməlidir.
Ekspert vurğulayıb ki, dövlət tərəfindən təqdim olunan dərslik və vəsaitlərdə fənlərin tədrisi üçün zəruri olan məzmun və tapşırıqlar nəzərdə tutulur. Müəllimlər əlavə vəsaitlərdən istifadə edərkən onların həqiqətən tədris prosesinə zəruri olub-olmadığını nəzərə almalıdırlar. Ümumtəhsil məktəblərində müxtəlif müəlliflərə, kurslara və digər qurumlara məxsus vəsaitlərin şagirdlərə məcburi şəkildə aldırılması düzgün yanaşma deyil. Xüsusilə müəyyən kursların və ya müəlliflərin vəsaitlərinin məktəblərdə məcburi şəkildə tətbiqi həmin resursların tədris zərurətindən daha çox kommersiya məqsədi daşıması ilə bağlı suallar yarada bilər. İş dəftərləri müəyyən hallarda tədris prosesinə dəstək ola bilər. Lakin eyni fənn üzrə çoxsaylı və ağır əlavə vəsaitlərin tətbiqi şagirdin ümumi tədris yükünü artırır.
Ekspert əlavə edib ki, məktəblərdə istifadə olunan əlavə vəsaitlərin sayının müəyyənləşdirilməsi ilə bağlı vahid yanaşmanın tətbiqinə ehtiyac var: “Düşünürəm ki, məktəblərdə əlavə vəsaitlərin istifadəsinə müəyyən çərçivə qoyulmalıdır. Necə ki müxtəlif kursların sınaq imtahanlarının keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilir, əlavə vəsaitlərin məktəblərə daxil olması məsələsində də vahid yanaşma formalaşdırılmalıdır”.