Ekspert: Süni intellektin təsiri onun necə və hansı məqsədlə istifadə olunmasından asılıdır
Bakı, 27 iyul, AZƏRTAC
Bu gün süni intellekt təhsil sisteminin ayrılmaz hissəsinə çevrilir. “ChatGPT”, “Copilot”, “Gemini” kimi alətlər müəllimlərə dərs planlarının hazırlanmasında, şagirdlərə isə məlumat əldə etmə və fərdiləşdirilmiş öyrənmə prosesində kömək edir. Lakin bu texnologiyaların məktəbdə tətbiqi ilə bağlı əsas sual hələ də aktuallığını qoruyur: süni intellekt köməkçidirmi, yoxsa təhlükə?
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin koordinatoru, beynəlxalq təlimçi və ekspert Təranə Nuriyeva AZƏRTAC-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb.
T.Nuriyeva qeyd edib ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Elmi araşdırmalar göstərir ki, süni intellektin təsiri onun necə və hansı məqsədlə istifadə olunmasından asılıdır. UNESCO-nun 2025-ci il hesabatında qeyd olunur ki, süni intellekt təhsildə fərdiləşdirilmiş öyrənmə imkanlarını genişləndirir, təhsilə çıxışı artırır və müəllimlərin iş yükünü azalda bilir. Bununla yanaşı, məlumat təhlükəsizliyi, etik məsələlər və təhsildə bərabərsizliyin dərinləşməsi kimi risklər mövcuddur. UNESCO bu səbəbdən süni intellektin insan amilini əsas tutaraq və məsuliyyətli şəkildə tətbiq olunmasını tövsiyə edir.
OECD-nin araşdırmaları göstərir ki, texnologiyanın özü deyil, onun pedaqoji məqsədlərlə istifadəsi şagird nailiyyətlərinə təsir göstərir. Sadəcə, texnologiyaya çıxışın olması daha yaxşı nəticə vəd etmir; uğur müəllimin düzgün istiqamətləndirməsindən və metodik yanaşmadan asılıdır.
“Müəllim kimi fəaliyyətimdə müşahidə edirəm ki, süni intellekt şagirdlərin marağını artıran, fərdi ehtiyaclarını nəzərə alan və yaradıcı fəaliyyətlərini dəstəkləyən güclü vasitə ola bilər. Məsələn, şagirdlər çətin mövzuların izahı, mətnləri sadələşdirmək və ya layihə ideyaları əldə etmək üçün bu alətlərdən səmərəli istifadə edə bilirlər. Elmi tədqiqatlar da süni intellektdən məqsədyönlü istifadənin öyrənmə motivasiyasını və nəticələrini müsbət təsirləndirdiyini göstərir.
Digər tərəfdən, nəzarətsiz istifadə ciddi problemlər yarada bilər. Son tədqiqatlarda qeyd olunur ki, şagirdlərin süni intellektə həddindən artıq güvənməsi tənqidi düşünmə, müstəqil qərarvermə və problem həlletmə bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Bəzi alimlər bunu “koqnitiv tənbəlləşmə” kimi xarakterizə edirlər”, - deyə müsahibimiz bildirib.
Təranə Nuriyevanın fikrincə, məktəblərdə əsas məqsəd süni intellektdən istifadənin qadağan edilməsi deyil, onun düzgün istifadəsinin öyrədilməsi olmalıdır: “Şagirdlər yalnız cavab almağı deyil, həm də verilən cavabları yoxlamağı, müqayisə etməyi və tənqidi qiymətləndirməyi bacarmalıdırlar. Müasir təhsil sistemi artıq sadəcə məlumat ötürən deyil, düşünməyi öyrədən sistem olmalıdır. Bu istiqamətdə AI savadlılığının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Nəticə etibarilə, süni intellekt nə tam təhlükədir, nə də möcüzəvi həll vasitəsi. O, düzgün istiqamətləndirildikdə müəllimin və şagirdin güclü köməkçisinə çevrilə bilər. Lakin insan düşüncəsini əvəz etməyə başladığı anda risk mənbəyinə çevrilir. Buna görə də məktəbdə əsas prioritet süni intellektdən istifadə etməyi deyil, süni intellektlə birlikdə düşünməyi öyrətmək olmalıdır. Bu halda texnologiya təhsilin rəqibi deyil, onun inkişafına xidmət edən tərəfdaşı olacaq”.
Müxbir - Xatirə Cəfərova